Xəbərin təfərrüatı

FERGANİ-dən TARİXİ ADDIM!
3 Dekabr 2025

FERGANİ-dən TARİXİ ADDIM!

Fərqaninin Tarixi Sıçrayışı: Türkiyənin İlk Hibrid Mühərrikli Orbital Transfer Aparatı Kosmosa Çatdı

FGN-TUG-S01, Türkiyənin ilk milli olaraq hazırlanmış orbital transfer aparatı, kosmosdakı missiyasına başlayıb. Aparat orbitdə dünyanın ilk hibrid mühərrikini işə salmağa hazırlaşaraq tarix yazmağa doğru irəliləyir.

Kaliforniya
28 Noyabr 2025

Baykar İdarə Heyətinin sədri və CTO-su Selçuk Bayraktar tərəfindən qurulan Fergani Space, ilk orbital transfer aparatını — FGN-TUG-S01 — tamamilə öz resursları və milli imkanları ilə inkişaf etdirib. Aparat 28 noyabr 2025-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Kosmik Qüvvələr Bazasında uğurla buraxılıb.

Milli OTV missiyaya başlayır

Missiya SpaceX-in Falcon 9 raketinin Transporter-15 ortaq buraxılışı ilə yerli vaxtla saat 21:44-də başlayıb. Raketin birinci və ikinci mərhələləri problemsiz şəkildə ayrılıb. Yükün ayrılmasından təxminən 81 dəqiqə sonra, saat 23:05-də FGN-TUG-S01 raketdən uğurla ayrılaraq kosmosdakı səyahətinə rəsmi olaraq start verib. Bu mühüm mərhələ Fergani Space-in kosmosdaxili manevr və nəqliyyat imkanlarında böyük irəliləyiş kimi qiymətləndirilir.



 

Dünya üzrə ilk: Hibrid mühərrik orbitdə işə salınacaq

Milli OTV iki mühüm və misilsiz yeniliyi bir araya gətirir. Türkiyənin ilk orbital transfer aparatı olan FGN-TUG-S01 həm də dünyanın ilk hibrid raket mühərriki ilə təchiz olunub. Planlaşdırıldığı kimi missiya orbitinə tam daxil olduqdan sonra aparat hibrid mühərrikini ilk dəfə işə salacaq. Bu manevr həm Türkiyə, həm də dünya kosmos tarixi üçün hibrid raket mühərrikinin orbitdə ilk işə salınması olacaq. Milli OTV-nin təhlükəsiz və aşağı qiymətli hibrid itələmə sistemi sayəsində müxtəlif orbitlərə peyk daşınması və onların xidmət müddətinin uzadılması mümkün olacaq.


Türkiyə orbitlərarası logistika sahəsində izini qoyur

FGN-TUG-S01, müxtəlif yüksəkliklərdə yerləşəcək gələcək Fergani Space peyk qruplaşması missiyaları üçün mühüm mərhələni təmsil edir. Milli OTV Fergani Space peyklərini aşağı orbitdən (təqribən 500 km) daha yüksək missiya orbitlərinə (1000+ km) daşıyacaq. Türkiyənin ilk OTV-si olan aparatın uçuş kompüteri, aviyonika sistemləri, enerji paylama qurğuları və istilik nəzarəti infrastrukturu kimi kritik sistemləri Fergani Space mühəndisləri tərəfindən milli şəkildə hazırlanıb. Bu missiya ilə Türkiyə orbitdə hibrid mühərriki sınaqdan keçirən ilk ölkə olacaq və bununla kosmos texnologiyalarında yeni dövrün qapılarını açacaq.



“OTV kosmos mobilliyi qabiliyyətimizin başlanğıcı olacaq”

Milli OTV-nin buraxılışı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində Fergani Space-in baş direktoru Selçuk Bayraktar və şirkətin mühəndis heyəti tərəfindən canlı izlənilib. Uğurlu buraxılışdan sonra Bayraktar belə bildirib:
“2022-ci ildə qurulan Fergani Space bu gün 135 nəfərlik komanda ilə fəaliyyətini davam etdirir. İkinci peykimiz yaxın zamanda missiyasına başladı. Bu gün isə ölkəmizin ilk orbital transfer aparatı — tamamilə öz imkanlarımızla hazırladığımız bu platforma — kosmosa çatdı. Bütün layihələrimizi dizayndan mühəndisliyə və istehsala qədər öz imkanlarımızla həyata keçiririk. Uçuş kompüterindən enerji və aviyonika sistemlərinə qədər Türk mühəndisliyi ilə hazırlanmış orbital transfer aparatımız ölkəmizin kosmos mobilliyi qabiliyyətinin başlanğıcı olacaq.”



“Hədəf: Kosmosa müstəqil çıxış”

Bayraktar son missiyanın milli qlobal naviqasiya sistemi olan Uluğbey üçün kritik infrastruktur yaratdığını vurğulayaraq gələcək vizyonunu belə ifadə edib:
“Bu missiya Uluğbey Qlobal Pozisiya Sisteminin infrastrukturunu formalaşdıracaq və gələcək peyk qruplaşmalarımızın yolunu açacaq. Hədəfimiz növbəti beş il ərzində 100-dən çox peyk ilə Türkiyənin və dost, qardaş ölkələrin müstəqil mövqeləndirmə və kosmos logistika qabiliyyətinə sahib olmasıdır. Qarşıdakı illərdə hazırda inkişaf etdirdiyimiz buraxılış sistemləri ilə Yer kürəsindən kosmosa müstəqil çıxış qabiliyyəti qazanmağı planlaşdırırıq. Bu layihə vətənimiz, millətimiz və bütün dost və qardaş xalqlar üçün xeyirli və mübarək olsun.”