Xəbərin təfərrüatı

Bayraktar Teknoloji Azərbaycan ilə Bakı Mühəndislik Universiteti arasında Əməkdaşlıq
15 Sentyabr 2025

Bayraktar Teknoloji Azərbaycan ilə Bakı Mühəndislik Universiteti arasında Əməkdaşlıq

“Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

Görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnun olduğunu bildirib, “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə ali məktəb arasında təməli qoyulan əməkdaşlığın müsbət nəticələrinə inamını ifadə edib.

 

Sonra rəhbəri olduğu qurumun fəaliyyətinə dair təqdimatla çıxış edən Hüseyn Topuz “Bayraktar Teknoloji Azərbaycan”ın həyata keçirdiyi layihələri və qarşıdakı hədəfləri barədə geniş məlumat verib. Bildirib ki, şirkətin fəaliyyətinin əsas prioriteti ən qabaqcıl texnoloji sistemlərin inkişaf etdirilməsidir. O, universitet tələbələrinin şirkətdə geniş təcrübə imkanlarına toxunub, habelə BMU-nun elektrik və elektronika, mexanika, kompüter mühəndisliyi və informasiya texnologiyaları sahələrində tədris və tədqiqat potensialını yüksək qiymətləndirib.

Görüş zamanı rektor Yaqub Piriyev nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, BMU Texnoparkında tələbələrin maraqlı startap layihələr hazırladıqlarını qeyd edib. O, tələbələrə nüfuzlu şirkətdə təcrübə imkanlarının yaradılmasına görə minnətdarlığını bildirib.

 

Görüşün ardınca nümayəndə heyəti universitetin Kibertəhlükəsizlik və digər laboratoriyaları, həmçinin Texnoparkla tanış olub, burada BMU tələbələrinin hazırladıqları Pilotsuz Uçuş Aparatları və digər layihələrə maraq göstərib.