Xəbərin təfərrüatı

Bayraktar Kızılelmanın Prototipi İlk Uçuş Sınağını Uğurla Həyata Keçirib
26 Sentyabr 2024

Bayraktar Kızılelmanın Prototipi İlk Uçuş Sınağını Uğurla Həyata Keçirib

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA-nın istehsal prototipi ilk uçuş sınağını uğurla başa vurub. 

AzerVoice  xəbər verir ki,  Baykar şirkəti tərəfindən tamamilə milli və bənzərsiz şəkildə hazırlanan bu təyyarə, iyul ayında Tekirdağda yerləşən AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ilk uçuş sınaqlarını uğurla başa çatdırıb. 

Təyyarə xüsusi gücləndirilmiş mühərriki, yüksək sürəti və manevr qabiliyyəti ilə diqqət çəkir.
Bayraktar KIZILELMA-nın ən mühüm xüsusiyyətlərindən biri, qısa uçuş-enmə zolaqlı gəmilərdən qalxma və eniş etmə qabiliyyətidir. Bu xüsusiyyət ona, Türkiyənin TCG Anadolu gəmisində və digər oxşar platformalarda strateji döyüş missiyalarını yerinə yetirmə imkanı verir.

Gələcəkdə döyüş meydanlarında inqilabi dəyişikliklər gətirəcək olan  bu texnologiya, səs sürətinə yaxın sürətlərdə uçmaq qabiliyyətinə malikdir və aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətli manevrlər də həyata keçirə bilir.

Qeyd edək ki, Baykar şirkəti, 2021-ci ildə başlayan Bayraktar KIZILELMA layihəsini tamamilə öz resursları ilə maliyyələşdirib. Layihənin ixracat uğurları da şirkətin gəlir mənbələrinin böyük hissəsini təşkil edir.

Onu da qeyd edək ki, Baykar dünya üzrə 34 ölkə ilə İHA ixracat müqavilələri imzalayaraq, müdafiə sənayesində öz lider mövqeyini daha da gücləndirib.

Mənbə:
Azer Voice