Türkiyənin “Bayraktar Akıncı” PUA-larının alınması ilə bağlı doqquz ölkə müqavilə bağlayıb
Türkiyənin “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatlarını (PUA) əldə edən ölkələrin sayı artır.
AZƏRTAC xəbər verir ki, “Baykar” istehsalçı şirkətinin məlumatına görə, daha çox tələbat olan “Bayraktar TB2” PUA-larının tədarükü ilə bağlı artıq dünyanın 33 ölkəsi ilə, “Bayraktar Akıncı”nın tədarükünə dair isə 9 ölkə ilə müqavilələr bağlanıb.
Qanadının uzunluğu 20 metr olan “Bayraktar Akıncı” PUA-ları öz arsenalında Türkiyə istehsallı “ağıllı” döyüş sursatına malikdir.
Hücum PUA-sının birinci uçuşu 2019-cu il dekabrın 6-da yerinə yetirilib, 2021-ci il avqustun sonundan isə “Bayraktar Akıncı” döyüş növbətçiliyində öz yerini tutub.
Bu dron havada 24 saatadək qala və 12 kilometrdən artıq yüksəkliyə qalxa bilir. Pilotsuz konstruksiya avtonom uçuş-enmə funksiyası ilə təmin olunub. PUA-nın faydalı yükü 1,5 ton təşkil edir.
“Bayraktar Akıncı”nın tədarükü üzrə ixrac müqaviləsi 2022-ci il yanvarın 23-də imzalanıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə “Bayraktar Akıncı”nın tədarükü və birgə istehsalına dair ötənilki müqavilə Türkiyənin müdafiə sənayesi tarixində birbaşa bağlanan müqavilənin həcminə görə ən böyüyü olub.
2023-cü ilin yekunlarına görə, “Baykar” şirkəti ümumilikdə 1,8 milyard dollar dəyərində ixrac həyata keçirib.
Mənbə: azerbaijan-news.az