DÜNYA TARİXİNDƏ İLK DƏFƏ HİBRİD ORBİT MÜHƏRRİKİ KOSMOSDA İŞƏ SALINDI
Türkiyənin Fergani Space tərəfindən yerli imkanlarla hazırlanmış ilk orbitə transfer aparatı FGN-TUG-S01 kosmosda ən kritik manevrini uğurla tamamladı. Yerli istehsal olan aparat kosmosda hibrid mühərrikini işə salaraq orbit dəyişmə əməliyyatını yerinə yetirdi və bununla da dünya üzrə bir ilkə imza atdı.
İSTANBUL
6 DEKABR 2025
Baykar şirkətinin Sədri və CTO-su Səlçuk Bayraktar tərəfindən təsis edilən Fergani Space Technologies, tamamilə öz resursları hesabına və milli imkanlarla hazırladığı ilk orbitə transfer aparatı (OTV) FGN-TUG-S01 ilə kosmik aviasiya tarixində mühüm addım atdı. Aparat 28 noyabr 2025-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Space Force bazasından SpaceX Falcon 9 Transporter-15 missiyası ilə orbitə buraxılmışdı. Orbital hazırlıq mərhələlərini tamamladıqdan sonra aparat tarixi alış əməliyyatını uğurla həyata keçirdi.

Dünya üzrə ilk: Hibrid mühərrik əməliyyatı uğurla icra olundu
6 dekabr 2025-ci il saat 07:46-da (Türkiyə vaxtı ilə) FGN-TUG-S01 əsas hibrid itki sistemini işə saldı. 35 saniyə davam edən alış əməliyyatı qüsursuz şəkildə yerinə yetirildi. Bu manevrlə aparat 530 km-lik dairəvi orbitdən ayrılaraq maksimum 720 km yüksəklikdə ellips orbitinə keçid etdi. Bu əməliyyat həm Türkiyədə milli imkanlarla hazırlanmış hibrid mühərrikin kosmosda ilk alış əməliyyatı, həm də dünyada orbitdə ilk hibrid raket mühərriki alış əməliyyatı olaraq tarixə düşdü. Bərk və maye yanacaqlı mühərriklərlə müqayisədə daha təhlükəsiz, sadə və qənaətcil olan hibrid raket texnologiyalarının gələcək kosmik missiyalarda mühüm rol oynayacağı gözlənilir.

İlk peyk buraxılışı uğurla başa çatdı
Orbital transfer manevrinin uğurla tamamlanmasından sonra missiyanın ikinci kritik mərhələsi — CubeSat ayrılma prosesi — 11:35-də başlandı. 11:45-də Fergani-yə məxsus FRG-10D1 CubeSat aparatdan uğurla ayrılaraq hədəf orbitində yerləşdi.
Orbitlərarası logistika sahəsində milli imza
Bu nailiyyət Fergani Space-in müxtəlif yüksəkliklərdə peyk qruplaşması missiyaları üçün mühüm mərhələdir. FGN-TUG-S01-in uçuş kompüteri, avionika sistemləri, enerji paylama modulları və termal idarəetmə infrastrukturu daxil olmaqla bütün komponentlər Fergani Space mühəndisləri tərəfindən daxili dizayn və istehsal əsasında hazırlanıb. Bu uğurla Türkiyə orbitdə hibrid mühərriki sınaqdan keçirən ilk ölkə statusunu qazandı və kosmik texnologiyalarda yeni mərhələ açıldı.

Hədəf: Uluğ Bey Qlobal Pozisionlama Sistemi
Bu missiyanın uğurla tamamlanması Fergani Space-in qurmağı planlaşdırdığı Uluğ Bey Qlobal Pozisionlama Sistemi üçün əsas strateji mərhələdir. Bu texnologiya sayəsində şirkət peyk qruplaşmalarını fərqli orbitlərə öz aparatları ilə yerləşdirə biləcək. Növbəti beş ildə Fergani Space 100-dən çox peyk buraxmağı planlaşdırır ki, bu da Türkiyənin və qardaş ölkələrin müstəqil naviqasiya və kosmik logistika imkanlarına sahib olmasına şərait yaradacaq. Şirkət hazırda üzərində işlədiyi buraxılış sistemləri ilə yaxın gələcəkdə kosmosa müstəqil çıxışı təmin etməyi hədəfləyir.