BAYRAKTAR AKINCI-DAN İLK
EREN SURSATI İLƏ HAVA-HAVAYA ATƏŞDƏ DƏQİQ ZƏRBƏ
Bayraktar AKINCI Zərbə PUA-sı EREN Yüksək Sürətli Çoxməqsədli Gəzən Sursatı ilə həyata keçirilən hava-hava atəş sınağı zamanı havadakı hədəf PUA-nı birbaşa zərbə ilə məhv edib.
SİNOP
21 FEVRAL 2026
Bayraktar AKINCI əməliyyat imkanlarını genişləndirməyə və sursat inteqrasiyası portfelini artırmağa davam edir. Daha əvvəl KEMANKEŞ-1 süni intellekt əsaslı mini qanadlı raketi ilə hava-hava sınaqlarını uğurla icra edən AKINCI, bu dəfə isə Roketsan tərəfindən hazırlanmış EREN sursatı ilə eyni nailiyyətə imza atıb.

ÇORLUDAN HAVALANIB, SİNOP ÜZƏRİNDƏ HƏDƏFİ VURDU
Sınaq çərçivəsində Bayraktar AKINCI Tekirdağın Çorlu şəhərində yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzindən havalanaraq Qara dəniz üzərindəki sınaq zonasına istiqamətlənib.
Sinop sahilləri yaxınlığında keçirilən test zamanı yerdən buraxılmış hədəf PUA, Bayraktar AKINCI-dan atılan EREN sursatı ilə havada zərərsizləşdirilib. Hədəfin məhv edilməsi ilə nəticələnən uğurlu atəşdən sonra milli Zərbə PUA-sı planlaşdırılmış marşrut üzrə Çorluya geri qayıdıb.

ÇOXSƏHƏLİ DÖYÜŞ QABİLİYYƏT
Hava-yer əməliyyatlarında sübut olunmuş performansını hava-hava missiyalarına da daşıyan Bayraktar AKINCI, EREN sursatı ilə əldə olunan bu uğurla əməliyyat çevikliyini daha da gücləndirib. Milli Zərbə PUA-sı həm yerüstü, həm də hava hədəflərinə qarşı müxtəlif tip sursatlardan effektiv istifadə etməklə strateji imkanlarını bir daha nümayiş etdirib. AKINCI-nın inkişaf proqramı çərçivəsində uğurla sınaqdan keçirilmiş sursatlar: MAM-L, MAM-L TV, MAM-T, MAM-T IIR/TV, MAM-C, TOLUN, TOLUN IIR, Teber-81, Teber-82, LAÇİN 82, LGK-81, LGK-82, HGK-82, Gökçe Rəhbərlik Dəsti, Gözde Rəhbərlik Dəsti, KGK-82-UCAV, UAV-230 Supersonik Raket, UAV-122 Supersonik Raketin TV və Lazer Başlıqlı versiyaları və Çakır Qanadlı Raket.

HÜNDÜRLÜK REKORDUNUN SAHİBİ
29 avqust 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən Bayraktar AKINCI, həmçinin Türkiyə aviasiya tarixində hündürlük rekordu sahibidir. 21 iyun 2022-ci ildə Müdafiə Sənayesi Agentliyi (SSB) və Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələrinin iştirakı ilə keçirilən dözümlülük, yüksək hündürlük və yüksək sürət testləri zamanı Bayraktar AKINCI 45.118 fut (13.716 metr) hündürlüyə qalxaraq milli rekorda imza atıb.

İXRAC ÇEMPİONU
Baykar fəaliyyətə başladığı gündən bütün layihələrini öz daxili resursları hesabına maliyyələşdirib və 2025-ci ildə də pilotsuz uçuş aparatları seqmentində dünyanın ən böyük ixracatçısı olmağa davam edib. Son üç ildə qlobal Zərbə PUA bazarında liderliyini qoruyan şirkət, 2025-ci ildə 2,2 milyard ABŞ dolları həcmində ixrac göstəricisi ilə yeni rekord müəyyən edib. Son illərdə gəlirlərinin təxminən 90%-ni ixracdan əldə edən Baykar, Türkiyənin yüksək texnologiyalar üzrə ixracının aparıcı qüvvəsinə çevrilib.

DÜNYANIN ƏN BÖYÜK PUA ŞİRKƏTİ
2023 və 2024-cü illərdə Türkiyənin bütün sektorlar üzrə ən çox ixrac edən ilk 10 şirkəti sırasında yer alan və “İxrac Çempionları” mükafatına layiq görülən Baykar, Müdafiə Sənayesi Agentliyi (SSB) və Türkiyə İxracatçılar Məclisinin (TIM) məlumatlarına əsasən 2021, 2022, 2023 və 2024-cü illərdə müdafiə və aerokosmik sektorun lider ixracatçısı olub. 2023-cü ildə sektor üzrə ümumi ixracın üçdə birini, 2024-cü ildə isə dörddə birini təkbaşına həyata keçirən Baykar, Türkiyəni qlobal Zərbə PUA ixrac bazarında lider mövqeyə yüksəldib. Dünyanın ən böyük pilotsuz uçuş aparatı şirkəti olan Baykar indiyədək ümumilikdə 37 ölkə ilə ixrac müqaviləsi imzalayıb — onlardan 36-sı Bayraktar TB2, 16-sı isə Bayraktar AKINCI Zərbə PUA-sı üzrədir.